15.01.2018-ci il tarixdə Xocalı rayon İHB-nin Meşəli kənd İƏD-si üzrə nümayəndəliyində 2017-ci il ərzində görülən işlərə və 2018-ci ildə qarşıda duran məsələlərə həsr edilən illik hesabat iclası keçirildi.
Hesabat iclasında Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov, müəssisə, idarə rəhbərləri və Meşəli kənd sakinləri iştirak etdilər.
Hesabatı aparmaq üçün sədr və katib seçildikdən sonra Xocalı İHB-nın Meşəli kənd İƏD-si üzrə nümayəndəsi İlham Kazımov məruzə ilə çıxış edərək nümayəndəliyin fəaliyyətini hesabat iştirakçılarına çatdırdı. İlham Kazımov bildirdi ki, Meşəli sakinləri daim dövlətimizin və rayon rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub. Əhalimizin həyat şəraiti daha da yaxşılaşmışdır. Meşəli sakinlərinin müvəqqəti məskunlaşdığı Goranboy rayonunun eyni adlı qəsəbəsi abadlaşır. Qəsəbəmizə içməli su, qaz, işıq və telefon xətti çəkilib istifadəyə verilib. Suvarma suyu xəttinin çəkilməsi üçün Azərbaycan Respublikasının Məcburi köçkünlərin Sosial İnkişaf Fonduna müraciət olunub və müsbət cavab alınmışdır. Rayon rəhbərliyinin köməkliyi nəticəsində qəsəbəyə suvarma suyu xətti çəkilmişdir. Lakin su anbarının tikintisində bəzi nöqsanlar var ki, gələcəkdə suvarmanın təşkilində problemlərə gətirib çıxara bilər.
Ölkə başçısının göstərişinə əsasən, aztəminatlı ailələrə özünü maliyyələşdirmə layihəsi çərçivəsində müəyyən işlər görülmüşdür. Bu layihə ilə bağlı qəsəbəmizin üç azətminatlı ailəsi kurslara cəlb olunmuş və hər ailəyə 4 baş iribuynuzlu mal-qara verilmişdir.
Meşəli sakinlərinin müəyyən hissəsi köçkünçülüklə əlaqədar olaraq ayrı-ayrı rayonlarda məskunlaşmışlar. Mütəmadi olaraq rayonlara gedir, sakinlərimizlə görüşürük. Onların müraciətlərinə səlahiyyətlərimiz çərçivəsində köməklik göstəririk.
Hazırda nümayəndəlikdə 173 ailə, 624 nəfər sakin var. Meşəli kəndində 12 şəhid ailəsi və bir valideynini itirən 10 ailə var.
Sonra məruzə ətrafında çıxışlar oldu. Çıxış edən natiqlər qəsəbədəki mövcud problemləri qeyd etdilər. Çıxışlarda qəsəbədaxili yolların asfaltlaşdırılması, Meşəli kənd tam orta məktəbinə əlavə iki sinif otağının tikilməsi, yeni transmavatorun qoyulması təklifini verdilər. İlham Kazımovun rəhbərliyi ilə nümayəndəlyin gördüyü işləri qənaətbəxş saydılar.
Sonda Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov görülən işlərə münasibət bildirdi. Şahmar Usubov qeyd etdi ki, qəsəbəyə suvarma su xəttinin çəkilməsi nəticəsində sakinlərin əkinçiliklə məşğul olmaları üçün imkan yaranıb. Torpaq sahələrinin ayrılması üçün aidiyyatı qurumlara müraciət olunacaq. Sakinlər həyətyanı sahərlərdə tut ağacı əkərək baramaçılıqla məşğul ola bilərlər. Məşğulluğun artırılması məqsədilə icra edilən layihələrin həyata keçməsi üçün rayon sakinlərinin məskunlaşdığı bütün yerlərdə sorğular təşkil ediləcək.